İndi Onları Heç Kəs Dayandıra Bilməyəcək!

Son günlər sıx qarşıdurmaların yaşandığı İdlib şəhərində Əsəd rejim qüvvələrinin Türk əsgərlərinə qarşı həyata keçirdiyi hava hücumu nəticəsində 33 əsgər şəhid olmuş, 32 əsgər isə yaralanmışdır.

2020-ci il fevralın 27-dən 28-nə keçən gecə Əsəd rejiminə bağlı qüvvələr Türk əsgərlərinə qarşı havadan hücum təşkil edib. Məkrli hücum nəticəsində 33 qəhrəman Mehmetçik şəhidlik zirvəsinə ucalıb, 32 nəfəri isə yaralanıb. Rəsmi məlumatlarda deyilir ki, yaralıların vəziyyəti kritik deyildir. 

Əsədin bu mənfur hücumundan sonra müxalif media və siyasətçilər yenidən qızışdı. Onların Türkiyə ordusu Suriyaya girdikdən sonrakı “Türkiyənin orada nə işi var? Kimin maraqlarını qoruyurlar? Başqasının torpaqlarında nə işləri var?” tipli sualları səngimək bilmir.

Türkiyə niyə Suriyadadır?

Birinci səbəb terrorla mübarizədir. Türkiyənin illərdir PKK terror qruplaşması ilə mübarizə aparması hər kəsə məlumdur. PKK həm şəhər, həm də kəndlərdə partlayışlar törədir, dinc sakinləri öldürür, insanları talayır, Türk əsgərinə silah çəkirdi. Son illərdə Türkiyənin bu problemlə bağlı öz dinc siyasətini dəyişib qəti addımlar atması, görünür, bir çoxlarına pis təsir etdi. Belə ki, PKK-dan sonra PYD, YPG və s. terror qruplaşmaları da Türkiyəni hədəf almağa başladı. Bu terror qruplaşmalarının ən mühüm ortaq cəhəti ondan ibarət idi ki, onların hamısı Suriyadan idarə olunur, planlama, təşkilatlanma və silahlanma işləri bu ölkənin ərazisində həyata keçirilirdi. Türkiyə bu məsələyə kökündən son vermək üçün Suriya torpaqlarına girməyə məcbur oldu.

İkinci bir səbəb, Bəşər Əsədin öz xalqına qarşı kimyəvi silah istifadə etməsindən sonra Suriyada başlayan vətəndaş müharibəsi nəticəsində Türkiyəyə üz tutan 4 milyona yaxın miqrantdır. Aydın məsələdir ki, Türkiyə öz yurdundan didərgin düşən çarəsizləri ölümə tərk etməyib onlara qapısını açdı, lakin bu o demək deyil ki, bu prosedur periodik olaraq davam etməli və Türkiyə öz imkanları hesabına başqa millətin nümayəndələrini saxlamalıdır. Bu miqrantların saxlanması üçün Türkiyə 40 milyard ABŞ dolları məbləğində xərc çəksə də, beynəlxalq qurumlardan aldığı yardım bu xərclərin heç 4 milyardını belə ödəmir. Əsəd rejimi və terror qruplaşmaları periodik hücumlar təşkil edərək, Türkiyə sərhədinə yaxın olan ərazilərdə insanların qaçması və miqrasiya etməsinə şərait yaradırdı.

Ən vacib və əhəmiyyətli nüans isə Türkiyə Cümhuriyyətinin və Türk xalqının təhlükəsizliyidir. Sərhədin o tayında yaranan gərgin şərait və hərc-mərclik Türkiyəni Suriyaya girməyə məcbur edirdi. Türkiyə öz sərhədlərinin təhlükəsizliyindən əmin olmaq, yeni miqrant dalğaları ilə üzləşməmək və terror qruplaşmalarının hücumlarına bir son qoymaq məqsədilə Suriyadadır.

Qısacası, əslində, bu ərazilər keçmiş Osmanlı İmperiyasına məxsus olsa da, Türkiyənin məqsədi kiminsə torpağını işğal etmək, təbii sərvətləri istismar etmək deyil, yalnız və yalnız sülh və əmin-amanlığı qorumaqdır.

Biz də şəhidlik zirvəsinə ucalan qəhrəman Mehmetçiklərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.