Hüquq xidmətləri ilə əlaqəli ən çox verilən suallar
Şirkət necə açılır?
Şirkətlərin açılması vergi orqanlarında həyata keçirilir. Nizamnamə, hüquqi ünvan haqqında sənəd – mülkiyyət hüququnu təsdiq edən sənədin surəti (əhalinin qeyri-müəyyən hissəsi tərəfindən "kupça" adlandırılan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"), sahibinin razılıq ərizəsi və şəxsiyyətini təsdiq edən sənədin surəti notarial qaydada tədiq edilir. İki təsisçi olduğu halda təsis müqaviləsi və paylar müəyyənləşdirilir. Şirkətin yaradılması haqqında qərar və Dövlət rüsumu – 11 (on bir) manat ödənilir. Bütün sənədlər hazırlandıqdan sonra yoxlanış üçün vergilər idarəsinə təqdim edilir, ikinci mərhələdə qeydiyyatdan keçirilir. Qeydiyyat proseduru 3 (üç) iş günü davam edir. Qeydiyyatdan sonra müştərinin seçim etdiyi bankda hesab açmaq üçün prosedura başlanılır: möhür hazırlanır, şirkətin bütün təsis sənədlərinin surəti notariat qaydasında təsdiq edilir, eləcə də, direktorun təyin edilməsi barədə qərar (əsli olmalıdır), bank tərəfindən təqdim edilmiş kartlarda imza və möhür nümunəsinin təsdiqi, vergi və DSMF-dən hesabların açılması üçün şəhadətnamə dublikat. Bütün bu sənədlər hazır olduqdan sonra banka müştəri üçün hesabların açılması təmin edilir. Bu prosedurlardan sonra şirkət yerli qanunvericiliyə uyğun olaraq tam fəaliyyətə başlaya bilər.
Alqı-satqı müqaviləsini necə bağlaya bilərəm?
Alqı-satqı müqaviləsinin forması xüsusi olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənmir. Alqı-satqı müqavilələri tərəflərin qarşılıqlı razılığından, qanunda ifadə edilən göstərişdən asılı olaraq şifahi, yazılı notariat qaydasında bağlana bilər. Müqavilənin hansı formada bağlanması onun subyektindən, qiymətindən asılı deyildir.
Nizamnamənin yazılma qaydası necədir?
Nizamnamə özündə ümumi müddəaları, müəsisənin fəaliyyəti, müəsisənin nizamnamə kapitalı, idarəolunma qaydaları, müəsisənin ləğv olunması, digər müddəalar kimi bəndləri ehtiva etməlidir.
Tenderlər necə təşkil olunur?
Sifarişçi tender komissiyasını formalaşdırır, daha sonra tenderin əsas şərtlər toplusunu hazırlayır və nəhayət, tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir və ya mal göndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir. Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə, rəsmi internet saytında verilməlidir. İkimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə, rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir. Satınalan təşkilat açıq tender elanı verməklə yanaşı, mal göndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərə bilər.
Vergilər hara ödənilməlidir?
Vergi ödəyiciləri vergiləri bildirişdə göstərilən yerdə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, uçotda olduqları yer üzrə, Vergi Məcəlləsində verginin ödənildiyi yer müəyyən edilməmişdirsə, vergi ödəyicisi fiziki şəxsin yaşadığı yer üzrə, yaxud vergi ödəyicisi hüquqi şəxsin idarə olunduğu yer üzrə ödəyə bilər.
Vergi orqanında uçota durmaq üçün hansı sənədlər tələb olunur?
Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər.
Vergi qanunvericiliyinin pozulmasına görə hansısa məsuliyyət varmı?
Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyalarını Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır.
Vergi orqanlarının qərarlarından və ya vəzifəli şəxslərin hərəkətlərindən şikayət edilmə qaydası necədir?
Vergi orqanlarının qərarlarından, habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər.
Şirkətin yenidən təşkili hansı qayda ilə aparılır?
Şirkətin yenidən təşkili Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun aparılır. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.
Qanun üzrə vərəsəlik nə zaman qüvvədə olur?
Miras qoyan şəxs vəsiyyətnamə qoymursa və ya vəsiyyətnamə tamamilə və ya qismən etibarsızdırsa qanun üzrə vərəsəlik qüvvədə olur.
Vəsiyyətnaməni necə tərtib edirlər?
Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Notariat qaydasında təsdiq olunan vəsiyyətnamə mütləq miras qoyan tərəfindən tərtib edilməlidir. Notariusun olmadığı yerlərdə isə müvafiq icra orqanları təsdiq edirlər.
İş icazəsi almaq üçün hansı sənədlər lazımdır?
İş icazəsi almaq üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:
•Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən ərizə-anket;
•Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti;
•Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
•Nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
•İşəgötürən: 1. Hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri; 2. Fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin; 3. Uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri; 4. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış.
Azərbaycan Respublikasında iş icazəsi necə almaq olar?
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.
Ölkə vətəndaşlığını almağın yolları
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmələri üçün Azərbaycan Respublikasının Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər. Bu zaman onlara 4 ədəd 3x4 sm ölçüdə fotoşəkil, dövlət rüsumunun ödənilməsi haqqında sənəd, Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən arayış, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surəti, pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olmaqla), qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd
Olduğum yer üzrə necə qeydiyyata düşə bilərəm?
Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin mənzilin, digər yaşayış sahəsinin sahibi (“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) AR-ın Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), elektron poçt ([email protected]) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinə və "ASAN xidmət" mərkəzlərinə təqdim etməlidir.
Daşınmaz əmlakın bağışlama müqaviləsi necə hazırlanır?
Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmçinin rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
Bank üçün lisenziyanı necə almaq olar?
Bank lisenziyasının alınması üçün ilkin müraciət bankın bütün təsisçiləri tərəfindən və ya onların müvafiq qaydada vəkil etdikləri şəxs tərəfindən imzalanır və imza (imzaları) notariat qaydasında təsdiq olunur. İlkin müraciətə ən geci 90 təqvim günü, xarici təsisçilərin iştirakı olduğu halda isə ən geci 180 təqvim günü müddətində, yekun müraciətə ən geci 30 təqvim günü müddətində baxılaraq qərar verilir.
Zəmanət müddəti nə deməkdir?
Zəmanət müddəti malın müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, zəmanət müddəti, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala (işə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir.
İstehlakçı hüquqlarının müdafiəsi üçün iddia müddəti nə qədərdir?
İstehlakçının qüsurları aşkar etməsi zamanı istehsalçıya (icraçıya) qarşı iddia qaldırması üçün vaxt intervalı da nəzərdə tutulub. Əgər zəmanət müddəti müəyyən olunmayıbsa, istehlakçı istehsalçı (icraçı) qarşısında 1 il müddətində iddia qaldıra bilər
Satıcının cavabdeh olduğu qüsurlar hansılardır?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 588-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
Necə boşanmaq olar?
Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların birgə ərizəsi əsasında Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatında (VVADQ) xitam verilə bilər.
Atanın (ananın) icazəsi olmadan uşağı xarici ölkəyə necə apara bilərəm?
Yetkinlik yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşı ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı və müşayiəti ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
Boşanmaq üçün hansı sənədlər lazımdır?
Nikahın məhkəmə qaydasında pozulması zamanı iddia ərizəsinə nikahın bağlanması barədə şəhadətnamənin əsli, uşaqların doğum haqqında şəhadətnamələrin surətləri, ər-arvadın əmək haqqı və başqa gəlir mənbəyi barədə arayış, yaşayış yerindən arayış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər lazım olan sənədlər əlavə edilir
Boşanmaq üçün hara gedim?
Boşanmaq istəyən şəxs cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə iddia ərizəsi və lazımı sənədlərlə müraciət edir. İstisna hallarda yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə iddia iddiaçının yaşadığı yerə görə verilə bilər.
Aliment necə alınır?
Aliment tərəflərin razılığı ilə müqavilə əsasında və yaxud məhkəmə qərarının əsasında ödənilə bilər. Uşaqlar üçün alimentlər nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdəndir. Alimentin alınması barədə iddia boşanma haqqında iddia ilə birlikdə verilə bilər. O zaman işə bir icraat qaydasında baxılır.
Boşanmadan sonra əmlak necə bölünür?
Nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onu da qeyd edək ki, kredit idarələrində tərəflərdən hər birinin adına qoyulan əmanət onların şəxsi mülkiyyəti sayılır və ümumi əmlak kimi bölünmür. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
Övladlığa necə uşaq götürə bilərəm?
Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.
Zərərçəkmişin nümayəndəsi kim ola bilər?
Cinayət prosesi zamanı zərər çəkmiş şəxsin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil, həmçinin zərər çəkmiş fiziki şəxsin yaxın qohumu, habelə zərər çəkmiş hüquqi şəxsin qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləridir.
Yaxın qohumum əleyhinə ifadə verməyə məcburam?
Xeyr. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz
Təşkilatımızın qeydiyyatdan keçirilməsində heç bir əsas göstərmədən imtina edilərsə bu cinayət sayılırmı?
Bəli. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 190.1-ci maddəsinə əsasən, fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır
Məhkəmə ekspertizası nə vaxt aparılır?
Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı, habelə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin müraciəti məhkəmə ekspertizasının aparılması üçün əsas sayılır. Məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs təhqiqatın aparılması və rəy verilməsi üçün zəruri olan təhqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə təqdim edir.