Dünya İqtisadi Forumunun növbəti iclası keçirilib

Davosdakı iclasda iştirak edən Prezident İlham Əliyev bir sıra dövlət əhəmiyyətli görüşlər keçirib

Dünya İqtisadi Forumu (World Economic Forum) 1971-ci ildə əsası qoyulan qeyri-hökumət təşkilatıdır. Bir çoxlarının bu təşkilatı “Davos” olaraq da tanımasının səbəbi illik görüşlərin İsveçrənin Alp dağlarının qoynundakı Davos qəsəbəsində keçirilməsidir. Bu görüşlərdə dünya liderləri, Birləşmiş Millətlər Təşkilatı və Avropa birliyinin aparıcı üzvləri, o cümlədən “Coca-Cola”, “Goldman Sachs” və “IBM” kimi aparıcı şirkətlərin rəhbərləri dəvət olunur. Dəvətlilər üçün iştirak pulsuz olsa da, bu forumda iştirak üçün digər şəxslər 480,000 funt sterlinq məbləğində ödəniş etməlidir.

Yanvar ayının 21-24-ü arası keçirilən bu ilki görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir. İlham Əliyev Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, Davosda Polşa Respublikasının Prezidenti Andjey Duda, “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamus və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa da daxil olmaqla bir sıra dövlət əhəmiyyətli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı əməkdaşlıq, iqtisadi inkişaf və yeni layihələr müzakirə olunub. 

Bununla belə Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende bildirib ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq.