Atalığın müəyyən olunması

Atalığın müəyyən olunması və ya atalıq hüququndan məhrum etmə, atalıqdan imtina kimi həyati məsələlərin konfidensiallığını qorumaqla həll etmək üçün peşəkar hüquqi yardım almaq lazımdır. Atalığın müəyyən olunması məhkəmə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Atalığın müəyyən olunması uşaq hüquqlarının təməlini təşkil etdiyindən birbaşa dövlət nəzarətindədir. Bu hüquq Ailə Məcəllləsində öz təsbitini belə tapmışdır: “Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur.

Uşaqların mənşəyinin müəyyən edilməsi

Uşaqların mənşəyinin müəyyən edilməsi birbaşa valideynlərin hüquq və vəzifələrini müəyyənləşdirir. Uşağın anadan mənşəyinin müəyyən olunması üçün ananın tibb müəssisəsində uşağı doğmasını təsdiq edən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulubsa şahid ifadələri, tibbi sənədlər və digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məhkəmə qərarı ilə atalığın müəyyən olunması

Atalığın müəyyən olunması ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyənləşdirilir.

Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Atalığın müəyyən edilməsi atanın istəyi olmadan gerçəkləşdirildikdə ananın yazılı razılığı, uşağın doğum şəhadətnaməsi, valideynin şəxsiyyətini təsdiq edən sənəd, atalığın müəyyən edilməsinə dair məhkəmə qərarı müəyyən icra hakimiyyəti orqanlarına təqdim olunur.

Atalıq (valideynlik) hüququndan məhrum etmə

Atalıq hüququndan məhrum etmə məhkəmənin çıxardığı qərarla təmin olunur. Valideynlərdən hər hansı birinin analıqdan və ya atalıqdan məhrum edilməsi onların öz vəzifələrini layiqi ilə yerinə yetirmədikləri müəyyən olunduqda baş tutur.

Ailə Məcəlləsinin 64-cü maddəsində valideynlik hüququndan məhrumetmənin səbəbləri kimi aşağıdakılar göstərilmişdir:

  • Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
  • Alimenti qəsdən ödəmədikdə;
  • Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
  • Valideynlik hüquqlarından sui-istifadə etdikdə;
  • Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
  • Xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
  • Uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Atalıq hüququndan imtina

Atalıq hüququndan imtina əksər hallarda şəxsin valideynlik vəzifələrindən boyun qaçırması üçün əsas təşkil edir. Bir sıra hallarda cütlüklər əsmi nikaha daxil olmadan ailə həyatı qururlar və övladları olur. Bir müddətdən sonra ayrılırlar və qarşı tərəf uşağa öz soyadını verməkdən imtina edir. Bunun əsas səbəbi də alimentin ödənilməsindən azad olmaq üçün olur.

Bu hallarda qadın öz hüquqlarını bilmədiyinə görə atadan nə vəzifələrinin icrasını, nə də alimentin ödənilməsini tələb edə bilmir. Valideynlər arasında nikah olmadığından və atalığın müəyyən edilməsi barədə valideynlərin birgə ərizəsi, o cümlədən məhkəmənin qətnaməsi yoxdursa, doğum haqqında şəhadətnaməyə atanın soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi ilə yazılır. Bundan sonra ana atalığın müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Atalığın müəyyən olunması ilə bağlı hüquqi xidmətin göstərilməsi

Biz atalığın məhkəmə qaydasında müəyyən edilməsində sizin müraciət edəcəyiniz ən düzgün ünvanıq. Legal Store şirkəti potensial müştərilərə atalığın müəyyən olunması barədə işlərin mübahisələndirilməsi, iddia ərizələrinin hazırlanması, lazımi dəlillərin toplanması, məhkəmə proseslərində iştirak kimi xidmətlərin ən yüksək səviyyədə təmin olunmasını vəd edir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs