Yol-nəqliyyat hadisələri

Yol-nəqliyyat hadisələri ilə əlaqədar təqsirləndirilən və zərərçəkmiş şəxslərin hüquqi maraqlarının qorunmasını, istintaq və məhkəmə prosesi müddətində zəruri tədbirlərin görülməsi, vəsatətlərin verilməsi qanuna müvafiq qaydada həyata keçirilir.

Bəşəriyyət və cəmiyyətin inkişafı insanlara müsbət təsiri ilə yanaşı müəyyən problemləri və arzuolunmaz nəticələri də özü ilə gətirir. Belə ki, mühərrikli nəqliyyat vasitələrinin kəşfi bəşəriyyətin inkişafına misilsiz töhfələr vermişdir. Bu danılmaz bir faktdır. Günümüzdə nəqliyyatı onlarsız təsəvvür etmək münkün deyil.

Məlum olduğu kimi, insanların və nəqliyyatın sıxlığı artdıqca düz mütənasib şəkildə qəzaların da sayı artmaqdadır. Bunun qarşısının alınması, qəzaların sayının azalması üçün istər dövlət, istərsə də sosial qruplar tərəfindən maarifləndirici tədbirlər görülür, sosial proqramlar hazırlanır.

Azərbaycan Respublikasında sürətli sosial-iqtisadi inkişafın nəticəsidir ki, ölkədə avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına, yeni avtomobil yollarının salınmasına, nəqliyyat qovşaqlarının və körpülərin tikintisinə, müasir standartlara cavab verən yeraltı və yerüstü piyada kecidlərinin qurulmasına xüsusi diqqət ayırılır.

Bütün bunlara baxmayaraq, son zamanlar yol nəqliyyat hadisələrinin və bu hadisə zamanı həyat və sağlamlığına ciddi ziyan dəyənlərin, o cümlədən həyatını itirənlərin sayı xeyli artıb.

Yol hərəkəti haqqında qanun

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunundayol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarətləri almalarına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisə kimi müəyyənləşdirilir.

Qanun fiziki və hüquqi şəxslərə bir sıra hüquq və vəzifələr təyin edir. Hüquqi şəxslər yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etməli, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etməli, yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmalı, həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək və istirahət rejiminə əməl olunmasına nəzarət etməli, daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədə olan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etməlidirlər.

Eləcə də fiziki şəxslərin bir sıra hüquqları və vəzifələri qanunda öz təsbitini tapmışdır. Bunlardan bəziləri aşağıdakılardır:

  • Müəyyən edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanından (qurumundan) yol hərəkəti şəraiti haqqında məlumat almaq;
  • Avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbləri barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanından (qurumundan) məlumat almaq;
  • Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında məlumat almaq;
  • Yol-nəqliyyat hadisələri zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım və digər təcili kömək almaq;
  • Yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək;
  • Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək.

Yol hərəkətinin təhlükəsizliyi

Yol hərəkətinin təhlükəsizliyi bir sıra başlıca prinsiplər və əsas istiqamətlərə uyğun olaraq həyata keçirilir. Belə ki, qanunda da göstərildiyi kimi, yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü başlıca prinsipdir.

Daha sonra yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma da başlıca prinsipləri təşkil edir.

Yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işlənib hazırlanması və onların təsdiq edilməsi, ətraf mühitin mühafizəsi və digər əsas istiqamətlər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Onu qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti əlaqələli şəkildə olmalıdır.

Yol hərəkəti qaydaları

Yol hərəkəti qaydaları yol hərəkətinin iştirakçılarının üzərinə bir sıra vəzifələr qoyur. Onlar yol hərəkəti qaydalarına riayət etməli, qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər.

Qanunla müəyyən edilmiş qaydada yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.

Bunlarla yanaşı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Yol hərəkəti qanunvericiliyinə riayət edərək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirmək yol hərəkəti iştirakçılarının vəzifəsidir.

Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər. Yol hərəkəti iştirakçılarının təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək kimi hüquqları vardır.

Bununla birlikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət edə bilərlər.

Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Yol-nəqliyyat hadisələri ilə bağlı hüquqi xidmətin göstərilməsi

Son zamanlar yol nəqliyyat hadisələrinin və bu hadisə zamanı həyat və sağlamlığına ciddi ziyan dəyənlərin, o cümlədən həyatını itirənlərin sayı xeyli artıb. LEGALSTORE yol-nəqliyyat hadisələri ilə əlaqədar təqsirləndirilən və ya zərərçəkmiş şəxslərə hüquqi xidmət göstərilməsini də öz müştərilərinə təklif edir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs