Əmək və kollektiv müqavilələrin tərtibi

Həm hüquqi, həm də fiziki şəxslər üçün lazımi müddəaları əks etdirən əmək və kollektiv müqavilələrin tərtibi qanunvericiliyə uyğun olaraq tərtib edilir. Tərəflərin hüquq və vəzifələrini müəyyən edən bu müqavilələrin tərtibi zamanı peşəkar hüquqi xidmət almaq əmək münasibətləri tərəflərinin hüququdur.

Əmək və Kollektiv müqavilələrin tərtibi Azərbaycan Respublikasının Əmək qanunvericiliyi ilə müəyyən edilir. Əmək müqaviləsi işçi ilə işəgötürən arasında olub 2 nüsxədən az olmayaraq tərtib olunmaqla yazılı formada bağlanılır. Tərəflərin imzası və işəgötürən hüquqi şəxs olduqda isə möhür ilə də təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsində aşağıdakı əsas şərtlər və məlumatların göstərilməyi mütləqdir:

  • İşçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, fin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
  • İşəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN),
  • İşçinin iş yeri, vəzifəsi (peşəsi);
  • Əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
  • Əmək müqaviləsinin müddəti;
  • İşçinin əmək funksiyası;
  • İşçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
  • Tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
  • İlk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);
  • İşçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd və s.

Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verildiyi günə qədər işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsinin azaldılmasına yol verilmir.

Kollektiv müqavilə isə müəssisədən kənarda bağlanan və daha geniş ərazini əhatə edən sosial əməkdaşlıq aktıdır. O, sosial tərəfdaşlar arasında bağlanmış və əmək şəraiti, məşğulluq, müəyyən peşələr, sahələr, ərazi üzrə işçilər üçün sosial təminatları özündə əks etdirən hüquqi aktdır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 25-ci maddəsində nəzərdə tutulmuş qaydada irəli sürülmüş təşəbbüsə əsasən kollektiv müqavilənin hazırlanması və bağlanması zəruriliyi haqqında qərarı həmkarlar ittifaqları təşkilatı qəbul edir. Kollektiv müqavilənin tərtibi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə tərəflər bərabər saylı nümayəndələrdən ibarət müvafiq komissiya yarada bilərlər.

Əmək müqaviləsi

Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş fəaliyyət növünü və peşəsini seçməkdə azaddır. Vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər:

  • əmək müqaviləsini bağlamaqla;
  • seçkili vəzifələrə seçilməklə;
  • gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə;
  • şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə.

Əmək müqaviləsini digər müqavilələrdən fərqləndirən bir sıra  xüsusiyyətlər vardır. Bunlara əmək müqaviləsi müəyyən növ işin (müəyyən ixtisas, peşə və vəzifə çərçivəsində) işçinin özü tərəfindən şəxsən yerinə yetirilməsini, işçinin müəssisədə, idarədə, təşkilatda müəyyən olunmuş daxili nizam-intizam qaydalarına tabe olmasını, işəgötürənin işçinin işini təşkil etməsini, təhlükəsizlik və gigiyenik normalara cavab verən normal iş şəraiti yaratmalı olduğunu göstərmək olar.

Sadalanan əlamətlərin məcmusu bizə hər bir konkret halda əmək müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirməyə imkan verir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq hər kəs 15 yaşından etibarən əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər.Tərəflər əmək müqaviləsini bağladıqları zaman əsas şərtlərdən başqa, əlavə şərtlər də müəyyən edə bilər. Əlavə şərtlər olmadan da müqavilə bağlana bilər.

Əmək müqaviləsinə xitam verilməsi qaydası

Əmək müqaviləsinə xitam verilməsi qaydası Əmək Məcəlləsində təsbit edilmişdir. Beləki, qanunvericiliklə müəyyən edilmiş əsaslarla, yəni tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar, tərəflərin iradəsindən asılı olmayan hallar və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar müqaviləyə xitam verilməsinə əsasdır. 

İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi isə aşağıdakı əsaslarla olur:

  • Müəssisə ləğv edildikdə;
  • İşçilərin sayı və ya ştatları ixtisar edildikdə;
  • Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
  • İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
  • Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
  • Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Kollektiv müqavilə haqqında

Kollektiv müqavilə özündə tərəflərin onu bağlayan zaman razılaşdıqları bütün şərtləri ehtiva edir. Əmək Məcəlləsinə görə kollektiv müqavilənin məzmunu tərəflərin istəklərinə görə müəyyən edilir. Lakin Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir.

Müqaviləyə daxil edilməsi vacib bilinən şərtlər, öhdəliklər, danışıqların aparılması üçün ayrılan komissiyanın iclasının müzakirəsinə çıxarılır. Tərəflər bu zaman həmin şərtləri, öhdəlikləri, müzakirə apardıqları zaman müqavilənin məzmununa daxil edilməsini təklif edə bilərlər. 

Bunlarla yanaşı, müəssisənin iqtisadi imkanlarından asılı olaraq, o cümlədən Əmək Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş normalarla müqayisədə əmək və sosial iqtisadi məsələlərdə daha güzəştli şərtlər kollektiv müqaviləyə daxil edilə bilər.

Məzuniyyət hüququ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən işçilərə vəzifəsindən, əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyət hüququ verilməlidir. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin qanunvericiliklə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

Bundan əlavə Məcəllədə göstərilir ki, işçi məzuniyyətdə olduğu müddət ərzində onun iş yeri, vəzifəsi və orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Məzuniyyət hüququ olan işçilər aşağıdakı məzuniyyət növləri ilə təmin edilirlər:

  • Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
  • Sosial məzuniyyət; 
  • Təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
  • Ödənişsiz məzuniyyət.

İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsində, o cümlədən kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

Əmək və kollektiv müqavilələrin tərtibi ilə bağlı hüquqi xidmət      

LEGALSTORE əmək və kollektiv müqavilələrin tərtibi kimi vacib məqamı nəzərə alaraq peşəkar hüquqşünaslar tərəfindən hazırlanan müqavilələrdə hər iki tərəfin mövqeyindən çıxış edir. Belə ki, hər iki tərəfin maraqlarını qoruyan və tərəflərin bir-birləri qarşısındakı öhdəliklərini əks etdirən bu müqavilələr bütün beynəlxalq normalara uyğun və yerli qanunvericiliyin tələblərinə cavab verəcək formada hazırlanır.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs