Hüquqi şəxslərin yaradılması

Kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslərin yaradılması, dövlət qeydiyyatına alınması, hüquqi şəxslərdən mənfəət vergisi tutulması və digər məsələlərin həlli zamanı lazımi hüquqi yardım almaq qanuna və beynəlxalq normalara əsaslanmalıdır.

Hüquqi şəxsin yaradılması bir sıra qanuna müvafiq ardıcıllıqları tələb edir. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər. Hüquqi şəxslər kommersiya, qeyri-kommersiyapublik hüquqi şəxslər kimi növlərə ayrılır. Azərbaycan Respublikası da mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri olaraq yaradıla bilər. Kommersiya hüquqi şəxslərinin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdirsə, qeyri-kommersiya hüquqi şəxslərin əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qurumlar olmasıdır.

Kommersiya hüquqi şəxsləri

Kommersiya hüquqi şəxsləri fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan hüquqi şəxslərdir. Mülki Məcəllənin 64-cü maddəsində qeyd edilir ki, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin paylarına bölünmüş nizamnamə kapitalı olan kommersiya təşkilatlarıdır. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər.

Qeyri-kommersiya hüquqi şəxsləri

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. 

Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər

Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması həmin publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin hüquqi aktı qüvvəyə mindikdən sonra bu məqsədlə səlahiyyət verilmiş şəxsin müraciəti əsasında, 2 iş günündən gec olmayaraq həyata keçirilməlidir.

Hüquqi şəxslərin mənfəət vergisi

Ümumilikdə vergi ödəyicilərinin gəliri ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun mənfəətidir. Gəlirdən ödənilən vergiyə mənfəət vergisi deyilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hüquqi şəxslər olan müəssisələr və təşkilatlar, Azərbaycan Respublikası ərazisində yaradılmış xarici investisiyalı müəssisələr daxil olmaqla, habelə sahibkarlıq fəaliyyətini həyata keçirən beynəlxalq birliklər və təşkilatlar mənfəət vergisinin ödəyicisi sayılırlar.

Hüquqi şəxslərin dövlət qeydiyyatı

Hüquqi şəxslərin dövlət qeydiyyatı dedikdə, ölkə ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, eləcə də xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilməsidir.

Hüquqi şəxslərin dövlət reyestri isə Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində vahid məlumatlar məcmusudur.

Hüquqi şəxslərin cinayət məsuliyyəti

Hüquqi şəxslərin cinayət məsuliyyəti barədə Cinayət Məcəlləsi bir sıra tədbirlər, o cümlədən cərimələr müəyyənləşdirib. Belə ki,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-5-ci maddəsinə əsasən, hüquqi şəxslərə cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, hüquqi şəxsi ləğv etmə kimi hüquqi tədbirlər tətbiq edilir.

Hüquqi şəxslərin yaradılması ilə bağlı hüquqi xidmət

Şirkətimiz ən yeni tələbləri nəzərə alaraq beynəlxalq standartlara cavab verən və qanunvericiliyin normalarına istinad edərək hüquqi şəxslərin yaradılması sahəsində rezident və qeyri-rezident olan fiziki və hüquqi şəxslərə öz operativ hüquqi xidmətlərini təklif edir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs