Əmək pensiyaları və sosial müavinətlərin təyin edilməsi

Əmək pensiyaları və sosial müavinətlərin təyin edilməsi zamanı lazımi sənədlərin toplanması, müvafiq orqanlarda təmsilçilik, güzəştli şərtlərin müəyyənləşdirilməsi üçün tədbirlərin görülməsini bu sahədə ixtisaslaşmış hüquqşünaslara həvalə edə bilərsiniz.

Əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu məsələlər “Əmək pensiyaları haqqında” və “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənir.

Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Şəxslər müvafiq icra hakimiyyəti orqanlarına yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədləri təqdim etdikləri gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.

Müavinət təyinatı barədə qərar müraciət edilən gündən 10 gün ərzində çıxarılır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanları səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verirlər. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

O cümlədən əmək pensiyaları da şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Onu da qeyd etmək lazımdır ki, vətəndaşlar qanunla müəyyən edilmiş qaydada əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və məhkəməyə şikayət edə bilərlər.

Yaşa görə pensiya

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Onu da qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin, ədliyyə orqanlarında qulluq keçmiş şəxslərin, hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan şəxslərin “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş qaydada yaşa görə əmək pensiyası hüququ vardır.

Əlilliyə görə pensiya

Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, eləcə də onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

Əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, sığorta stajı olduqda təyin edilir.

Hərbi qulluqçular arasından olan əlillər aşağıdakı kateqoriyalara ayrılırlar:

Müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;

Hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.

Hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu kateqoriyaya aid deyil.

Müddətli həqiqi hərbi xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə əlili hesab edilirlər.

Ailə başçısını itirməyə görə pensiya

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

  • Vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
  • 18 yaşına çatmamış;
  • 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;
  • Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək.

Əgər əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağıdırsa, o zaman həmin məbləğə çatdırılmaqla ödənilir.

Əmək pensiyaçısının varisləri yoxdursa, onun fərdi hesabının yığım hissəsində olan vəsaitlər və əmək pensiyasının yığım hissəsi üzrə alınmamış vəsaitlər müvafiq icra hakimiyyəti orqanının büdcəsinin gəlirlərinə aid edilir.

Əmək pensiyaları və sosial müavinətlərlə bağlı hüquqi xidmət

Biz LEGALSTORE hüquq şirkəti olaraq Azərbaycan Respublikası vətəndaşlarından savayı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də əmək pensiyalarının təyin edilməsi zamanı hüquqi xidmət göstəririk.

Yaşa görə əmək pensiyası təyin edilməli olan müştərilərimizə hansı güzəştli şərtlərdən yararlana biləcəkləri və hansı normativ hüquqi aktlarla onların bu hüquqlarının qorunduğunu göstərir və bu proseslər zamanı onlara yaxından yardımçı oluruq.

LEGALSTORE olaraq məqsədimiz bütün hüquq və azadlıqlarınızından tam formada yararlanmağınızı və layiqli həyat səviyyənizi təmin edə bilməkdir!

Bizə müraciət edin, gələcəyinizi güvəncə altına alın!

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs