Cinayət təqibi ilə əlaqədar hallar

Cinayət təqibi ilə əlaqədar vəsatətlərin, etirazların, şikayətlərin, ərizələrin hazırlanması zamanı hüquqi xidmətlərin göstərilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Cinayət təqibi ilə əlaqədar hallara xitam verilməsi, onu istisna edən halları müyyənləşdirmək üçün düzgün hüquqi xidmət almaq vacib amildir.

Cinayət təqibi ilə əlaqədar hallar özündə cinayət təqibinin də tərkibinə daxil olduğu ibtidai istintaq, cinayət təqibinin növləri və məhkəməyədək icraat, o cümlədən cinayət təqibinə xitam verilməsi məsələlərini birləşdirir.

Cinayət-Prosessual Məcəlləsinin 37-38-39-40-41-ci maddələri cinayət təqibinin anlayışını, mahiyyətini və növlərini, onun həyata keçirilməsi vəzifəsini, cinayət təqibini istisna edən halları, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları, cinayət təqibinə xitam verilməsi qaydasını və digər məsələləri geniş surətdə izah etmişdir.

Cinayət təqibi nədir?

Cinayət-Prosessual Məcəllənin 7-ci maddəsində təsbit edilir ki, cinayət təqibi-cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir.

Cinayət təqibi cinayət prosesində xüsusi yer tutur və mahiyyəti Cinayət-Prosessual Məcəlləsində ətraflı əks edilmişdir.

Cinayət təqibinin növləri

Qeyd etmək lazımdır ki, cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibinin növləri xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında olaraq üç yerə ayrılır. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. Əgər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrədirsə və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışarsa ona xitam verilir.

İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi isə zərərçəkmiş şəxsin şikayəti və bəzi hallarda prokurorun təşəbbüsü ilə həyata keçilir. Lakin xüsusi ittiham qaydasında cinayət təqibindən fərqli olaraq ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz.

İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:

  • Törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;
  • Cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;
  • Cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
  • Cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxsə qarşı törədildikdə;
  • Cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.

Son olaraq, cinayət təqibi ictimai ittiham qaydasında Cinayət Prosessual Məcəlləsinin 37 və 37.3-cü maddələrində göstərilməyən və yerdə qalan digər cinayətlər üzrə həyata keçirilir. Bu da demək olar ki, Cinayət Məcəlləsinin tam əksəriyyətini təşkil edir.

Cinayət təqibini istisna edən hallar

Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar etdikdə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması halında mümkündür. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsində konkret olaraq, cinayət təqibinin başlanılmasının rədd edilməsi,başlanmış cinayət təqibinə xitam verilməsi kimi hallar təsbit edilmişdir. Aşağıda həmin maddədə göstərilən hallardan bəziləri sadalanmışdır:

  • Cinayət hadisəsi olmadıqda;
  • Əməldə cinayət tərkibi olmadıqda;
  • Cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə;
  • Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda;
  • Şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə);
  • Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda;
  • Şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlamasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda;
  • Amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. 

Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 40-cı maddəsində isə cinayət təqibinə xitam verilməsinin başqa halları da nəzərdə tutulmuşdur. Həmin hallar aşkar olunduqda da cinayət təqibinə xitam verilə bilər.

Onu da qeyd etmək lazımdır ki, Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsində göstərilmiş hallar cinayət təqibini başlama haqqında məsələ həll edilərkən daxil olmuş materialların yoxlanması zamanı aşkar olunarsa cinayət təqibini başlamanın rədd edilməsinə gətirib çıxarır. Eyni hallar cinayət təqibi gedişində aşkar olunduqda isə cinayət təqibinə xitam verilməsinə səbəb olur.

Cinayət təqibinə xitam verilməsi

Cinayət təqibinə xitam verilməsi barədə qərar təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsində göstərilən halları aşkar etdiyində çıxarılır.

Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən və ya şübhəli şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.

Cinayət-Prosessual Məcəlləsinin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin qaydası aşağıdakı hallarda çıxarılır:

1. Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə;

2. Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda.

Qanunvericilikdə açıq-aydın göstərilir ki, xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəməyə təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə bu barədə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur.

Cinayət təqibi ilə bağlı hüquqi xidmətin göstərilməsi

LEGALSTORE cinayət prosesini həyata keçirən dövlət orqanı ilə yazışmaların həyata keçirilməsi, cinayət tərkibi ilə əlaqədar vəsatətlərin, etirazların, şikayətlərin, ərizələrin hazırlanması, cinayət təqibinin istənilən mərhələsində hüquqi xidmət, cinayət prosesinin gedişində müdafiəçi qismində iştirak müştərilərimizə təklif olunan xidmətlər sırasına daxil edir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs