Nikahın məhkəmə qaydasında və məhkəmədən kənar xitamı

Nikahın məhkəmə qaydasında və məhkəmədən kənar xitamı zamanı ortaya çıxan bəzi problemlər həmçinin, aliment hüququ, alimentin miqdarı, alimentin azaldılması, o cümlədən hansı hallarda boşanmağa yol verilmədiyi və nikahın etibarsız sayılması kimi məsələlər qanunvericiliklə və doğru hüquqi yardımla öz həllini tapmalıdır.

Ailə hüququ, Ailə Məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir. Nikah hüququ, boşanma, boşanma zamanı aliment hüququ, əmlak bölgüsü, atalığın müəyyən edilməsi, atalıqdan məhrumetmə, atalıqdan imtina, övladlığa götürmə və bu kimi ailə münasibətləri zəminində yaranan digər məsələlər də ailə hüququnun tərkib hissəsidir. 

Boşanma nikahın məhkəmə qaydasında və məhkəmədən kənar xitamı yolu ilə həyata keçirilir. Boşanma prosesi tərəflərin qarşılıqlı razılığı və ya boşanma barədə iddia ərizəsi yazılması, digər lazımi sənədlərin toplanması və məhkəməyə təqdim edilməsi kimi müəyyən ardıcıllığın izlənməsini tələb edir.

Ailə hüququnun predmeti və prinsipləri

Ailə hüququnun predmeti dedikdə ailənin özü yox, ailə üzvləri arasında olan münasibətlər başa düşülür. Ailə hüququnun əsasını təşkil edən bu münasibətlər onu digər hüquq sahələrindən fərqləndirir. Ailə münasibətlərinin mürəkkəbliyi buradakı bütün əlaqələrin müəyyən hüquq normaları ilə tənzimlənməsini mümkünsüz edir ki, bu da Ailə hüququnu xüsusilə mülki hüquqdan fərqləndirir. Ailə hüququnun nizamlanması ailə üzvləri arasındakı qarşılıqlı hörmətə, məhəbbətə və dostluğa əsaslanır. Ailə hüququnu səciyyələndirən əsas əlamət ailənin bir qrup halında olmağıdır.

Ailə Məcəlləsinin 2-ci maddəsində Ailə hüququnun hansı münasibətləri tənzimlədiyi (nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtləri, ailə üzvləri, eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi) göstərilir.

Ailə hüququnun prinsipləri iradə və ifadə azadlığı ilə seçilir. Aşağıda qeyd etdiklərimiz Ailə hüququnun əsas prinsiplərini təşkil edir:

  • Qadınla kişinin şəxsi və əmlak hüquq bərabərliyi;
  • Təknikahlıq;
  • Boşanma azadlığı;
  • Nikahın bağlanmasında azadlıq və könüllülük;
  • Ana və uşaq haqqında dövlət qayğısı, onların mənafeyinin mühafizəsi;
  • Ailə münasibətlərinin tənzim olunmasında dinin iştirakına yol verilməməsi;
  • Uşaqların ailə tərbiyəsinin təmin edilməsi;
  • Milliyyətindən, irqindən, sosial vəziyyətindən, dini və dil mənsubiyyətindən asılı olmayaraq ailə münasibətlərində vətəndaşların hüquq bərabərliyi;
  • Valideynlik hüquqlarının müdafiəsi.

Nikah nədir?

Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir. Yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah rəsmi qəbul edilir. Kəbinkəsmə (dini nikah) heç bir hüquqi əhəmiyyətə malik deyil.

Nikahın bağlanma şərtləri

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycanda nikah yaşı 18 yaş olaraq müəyyən edilib. Bəzi hallarda (üzrlü səbəblər olduğu halda) nikah yaşına çatmayan şəxslərin müraciəti ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.

Hansı hallarda nikah bağlana bilməz?

Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikah bağlana bilməz:

  • Yaxın qohumlar arasında (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
  • Övladlığa götürənlər və övladlığa götürülənlər;
  • İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
  • Tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
  • İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Nikahın məhkəmədən kənar xitamı

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıda qeyd etdiyimiz hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

  • Ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
  • Ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
  • Ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

Nikahın məhkəmə qaydasında xitamı

Əgər ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyildirsə nikahın məhkəmə qaydasında xitamı həyata keçirilir.

Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Hansı hallarda boşanmaq olmaz?

Boşanmaq fikirləşdiyimiz kimi asan proses deyil. Qanunvericilik nikahın pozulması zamanı bir sıra məhdudiyyətlər qoyur. Belə ki, arvadın hamiləliyi dövründə o cümlədən uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadıqda ər nikahın pozulması barədə iddia qaldıra bilməz. Bu hal nikahın məhkəmə qaydasında və VVADQ şöbələrində nikaha xitam verilməsi qaydalarına da aiddir. Uşağın doğulmasından bir il keçdikdən sonra bu müddəa öz qüvvəsini itirir və əvvəlki işin icraatına xitam verilməsindən asılı olmayaraq ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilər. 

Onu da qeyd edək ki, qanunvericilik ölü doğulmuş uşağı və ya doğulduqdan sonra bir il müddətə yaşamayan uşaqların istisnasını müəyyən etməmişdir. Bir sözlə bu hallar da ərin nikahın pozulmasını tələb etmək hüququnu məhdudlaşdırır.

Aliment nədir?

Aliment dedikdə Ailə Məcəlləsinin müddəalarında qeyd edildiyi kimi ana və atalardan uşaqların saxlanması üçün, o cümlədən ailənin başqa üzvlərinin saxlanması üçün məhkəmə tərəfindən tutulan müəyyən məbləğdə pul başa düşülür. Əgər bu şəxslər öz aralarında razılığa gəliblərsə saziş bağlayırlar. Bu sazişdə alimentin miqdarı və digər məsələlər qeyd edilir. Saziş olmadıqda isə aliment məhkəmə qaydasında tutulur.

Boşanma zamanı aliment

Bildiyimiz kimi boşanma zamanı aliment həll edilən ən vacib və mübahisəli məsələlərdən biridir. Uşaqların saxlanması valideynlərin vəzifəsidir. Uşaqların bu hüququ qanunla qorunur. Valideynlər könüllü surətdə uşaqların saxlanmasından imtina etdikdə isə bu məsələ məhkəmə qaydasında həll edilir.

Hansı hallarda aliment verilmir?

Kifayət qədər mübahisəli olan aliment məsələlərində ən çox verilən suallardan biri də alimentin hansı hallarda verilmədiyidir. Belə ki, uşaqlar yetkinlik yaşına çatdıqda, aliment ödənilən uşaq övladlığa götürüldükdə, aliment ödəyən və ya alan şəxs vəfat etdikdə məhkəmə alimentin verilməsini dayandırır.

Alimentin miqdarı

Əgər valideynlər arasında uşaqların saxlanması barədə hər hansı bir razılıq yoxdursa, o zaman bu məsələ məhkəmə qaydasında həll edilir. Bu zaman məhkəmə 1 uşağın saxlanmasına görə valideynlərin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsini, 2 uşağa görə qazancın üçdə bir hissəsini, üç və daha çox uşaqlara görə isə qazancının yarısını tuta bilər. Əlbəttə ki, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Alimentin azaldılması

Qanunvericilik müəyyən hallarda alimentin azaldılması ilə bağlı müddəalar nəzərdə tutmuşdur. Belə ki, aliment ödəyən şəxsin başqa uşaqlarının olması və onların daha az təminatlı olması, aliment ödəyən şəxs I və ya II qrup əlil olması (bu şəxslərin əsas qazancları aldıqları təqaüddür və dərmanlara daha çox ehtiyacları olur), aliment alan şəxsin işləməsi və kifayət qədər əmək haqqı alması hallar alimentin azaldılması zamanı əsasdır.

Nikahın pozulması zamanı hüquqi xidmət

Nikahın pozulması zamanı həyata keçirilən prosessual hərəkətlər yəni iddia ərizələri, lazımı sənədlərin toplanması və məhkəməyə müraciət, o cümlədən alimentin verilməsi, miqdarı, azaldılması kimi vacib məsələlərdə düzgün hüquqi yardım almaq hər kəsin haqqıdır.

Yüksək ixtisaslı əməkdaşlarımız sizə nikahın məhkəmə qaydasında və məhkəmədən kənar pozulması zamanı lazım olan prosedurların (iddia ərizələrinin yazılması, lazımi sənədlərin toplanması, məhkəmə proseslərində iştirak) həyata keçirilməsi ilə bağlı, o cümlədən nikaha hansı hallarda məhkəmədən kənar xitam verilməsi məsələlərində hüquqi xidmət təklif edir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs