Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazələri

Hər şeyin qloballaşdığı bir dövrdə əmək bazarında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin fəaliyyətinin artması, ölkəyə işçi axınının çoxalması bu sahədə fiziki və hüquqi şəxslər üçün peşəkar hüquqi yardıma tələbatı artırıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazələri onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə həyata keçirilir.

Əmək qabiliyyəti olan və 18 yaşına çatmış əcnəbi və vətəndaşlığı olmayan şəxslər onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.

Onu da qeyd edək ki, işəgötürənlər əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək müqaviləsini iş icazəsinin qüvvədə olduğu müddətə bağlamalı və yalnız öz iş yerlərində işlə təmin etməlidirlər. Belə ki, iş icazəsi olmayan şəxslərin əmək müqaviləsi bağlaması ciddi hüquq pozuntusudur.

İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

İş icazəsi

Miqrasiya Məcəlləsinin 3-cü maddəsində iş icazəsi anlayışı belə əks olunmuşdur: “İş icazəsi-Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir”.

Onu da qeyd etmək lazımdır ki, iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir.

Ölkəyə miqrant işçilərin qəbulu əmək miqrasiyası kvotası ilə müəyyən edilir. Əmək miqrasiya kvotası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün bir sıra şərtlər vardır. Bura iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmaması və s. şərtlər daxildir.

Miqrasiya nədir?

Miqrasiya insanların sosial, iqtisadi, siyasi, mədəni tələbat səbəbi ilə bir yerdən başqa bir yerə daimi və ya müvəqqəti köçməsidir. Miqrasiya prosesi qədim dövrlərdən daha dəqiq desək bəşər tarixi yaranandan mövcuddur. Əgər ilk zamanlarda insanları buna vadar edən münbit torpaqlar, su hövzələri, müharibələr idisə, müasir dövrdə inkişaf edən ölkələr, texnika, iqtisadiyyat və daha bir çox səbəblərdir.

Miqrasiya artıq insan hüquqlarının tərkib hissəsi kimi dünya ölkələrinin qanunvericilikləri ilə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyası ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları təmin olunur.

Miqrasiya ilə bağlı beynəlxalq konvensiyalar qəbul edilmişdir ki, Azərbaycan Respublikası da bu konvensiyaları ratifikasiya etmişdir. Bunlardan biri də 1949-cu il tarixli “Əməkçi miqrantlar haqqında” Konvensiyasıdır.

Azərbaycan Respublikasında miqrantların hüququ Konstitusiya, Miqrasiya Məcəlləsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsində də qeyd olunduğu kimi miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün iş icazələri ilə bağlı hüquqi xidmətlərin göstərilməsi

LEGALSTORE müştərilərinə (əcnəbi və vətəndaşlığı olmayan şəxslər) iş icazələrinin alınması üçün lazımi ərizələrin, arayışların və sənədlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, o cümlədən müvafiq orqanlarda icazə vəsiqəsinin alınması üçün hüquqi xidmətlərini təklif edir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs