Şəxsiyyət əleyhinə olan cinayətlər

Şəxsiyyət əleyhinə olan cinayətlərdə şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərə hüquqi xidmətlərin göstərilməsi qanuna müvafiq şəkildə peşəkar hüquqşünaslar tərəfindən həyata keçirilir. Cinayət hüquq münasibətləri zamanı hüquqi xidmətlərin göstərilməsi qanunun prinsiplərinə əsaslanmalıdır.

Şəxsiyyət əleyhinə olan cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bir neçə kateqoriya üzrə bölünmüşdür. Bunlar həyat və sağlamlıq əleyhinə olan cinayətlər, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər, insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər və şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdir.

Həyat və sağlamlıq əleyhinə olan cinayətlər

Həyat və sağlamlıq əleyhinə olan cinayətlər arasında ən ağırı qəsdən adam öldürmədir. Bu cinayətin anlayışı bir şəxsi qəsdən, anlaqlı vəziyyətdə həyatdan məhrum etməkdir. Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən bu cinayəti törətmiş şəxs on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma adətən, zərərçəkmişin zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində baş verir. Lakin bu hallar da qanunla nəzərdə tutulmuş qaydada cərimə və ya azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə isə iki ilədək müddətə islah işləri ilə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması yaxud üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə həddinə çatdırma, əzab vermə, evtanaziya həyat və sağlamlıq əleyhinə olan cinayətlər sırasına daxildirlər.

Onu da qeyd edək ki, bir çox ölkələrin qanunvericiliyində evtanaziya cinayət əməli hesab edilmir. Yaşamaq hüququ kimi ölmək hüququ da qanunla təmin edilir.

Qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.

Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər

İnsan azadlığı və şəxsi toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilir. Bu hüquqlar yalnız qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər.

Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər sırasına adam oğurluğu, insan alveri, məcburi əmək, böhtan, təhqir, qanunsuz azadlıqdan məhrum etmə və digər cinayətlər daxildir.

Adam oğurluğu iki və ya daha çox şəxs barəsində, aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı, bir qrup şəxs, cinayətkar birlik tərəfindən, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə, tamah məqsədi ilə və ya sifarişlə törədilə bilər.

Lakin əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur.

Şərəf və ləyaqətə böhtan və təhqir edərək qəsd edən əməllər törədən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilirlər.

Böhtan dedikdə, başqa şəxsi ləkələyən yalan uydurmalar yaymaq nəzərdə tutulur. Təhqir isə söymək, başqalarının gözü önündə yamsılamaq, bədənin hərəkəti ilə, üz-gözün ifadələri ilə zərərçəkmişi ələ salmaq, döymək və ya bədənə ağrı yetirmək məqsədi güdmədən zərərçəkmişin üzünə şapalaq vurmaq, şəxsi ləyaqəti alçaldan məzmunda məktub yazmaq, şəkillər çəkmək, telefonla zəng edib təhqir etmək və s. bu kimi hərəkətlərlə həyata keçirilir.

Onu da qeyd edək ki, yayılan məlumatların doğruluğu sübut olunduqda bu xəbərləri yayan insanlar cinayət məsuliyyətindən azad olunurlar.

İnsan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər

Bərabərlik hüququnu pozma, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma, şəxsi həyatın toxunulmazlığını pozma, mənzil toxunulmazlığını pozma, seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma və digər bu kimi cinayətlər İnsan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər kateqoriyasına daxildir.

Bərabərlik hüququnu pozmaq irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozmaqdır və qanunla nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə səbəb olur.

Mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma Azərbaycan Respublikasının qanunları ilə qadağan edilmişdir və yalnız müəyyən edilmiş əsaslar olduqda buna icazə verilir. Lakin bu hal qanunla müəyyənlişdirilmiş qaydada həyata keçirilmədikdə cinayət məsuliyyətinə səbəb olur. 

Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər

Törədilən ən dəhşətli cinayətlər sırasına yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər də aid edilir. Bu cinayətlər yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədilir.

Bu cinayətlər silsiləsinə daxil olan tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə, on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə qanunla müəyyən edilmiş müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şəxsiyyət əleyhinə olan cinayətlərlə bağlı hüquqi xidmətlərin göstərilməsi

LEGALSTORE Şirkətinin məqsədlərindən biri də şəxsiyyət əleyhinə cinayətlər sırasına daxil olan həyat və sağlamlıq əleyhinə, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər, o cümlədən yetkinlik yaşına çatmayanlar və ailə əleyhinə olan cinayətlərdə fiziki şəxslərə tam hüquqi xidmət göstərməkdir. Pozulan hüquqlarınızın bərpasını bizə etibar edə bilərsiniz.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs