Torpaq hüquq münasibətləri

Torpaq hüquq münasibətləri dövlət, bələdiyyə, fiziki və hüquqi şəxslərin sahibliyində olan, torpaqdan istifadə və torpaqların icarəyə verilməsi, habelə kənd təsərrüfat təyinatlı torpaqlar və ehtiyat fondu torpaqların istifadə qaydaları sahəsində ictimai münasibətlərdir.

Torpaq hüquq münasibətləri Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəlləsi ilə tənzimlənir. Torpaqların hüquqi rejimi dedikdə, torpaqların istifadəsinin, mühafizəsinin, uçotunun və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusu başa düşülür. 

Torpaq üzərində mülkiyyət hüququ

Torpaq üzərində mülkiyyət hüququ dövlətə, bələdiyyələrə, hüquqi və fiziki şəxslərə aiddir. Torpaq daşınmaz əmlak olub mülkiyyət hüququnun əsas obyektidir. Torpağın şəxslərin, bələdiyyələrin və ya dövlətin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunvericiliklə müəyyən edilir.

Torpaq üzərində mülkiyyət hüququnu pozma qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyətə səbəb olur. Ümumilikdə özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər etibarsız sayılır.

Dövlət mülkiyyətində olan torpaqlar

Dövlət mülkiyyətində olan torpaqlar aşağıdakı siyahıda göstərilmişdir:

  • Dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;
  • Dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;
  • Yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;
  • Meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla);
  • Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları;
  • dövlət ehtiyat fondu torpaqları və s.

Yuxarıda adlarını sadaladığımız torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Bələdiyyə mülkiyyətində olan torpaqlar

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən,bələdiyyə mülkiyyətində olan torpaqlar ümumi istifadədə olan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlarına ayrılır. Həmçinin hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

Qanunvericilikdə göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin (küçələr, meydanlar, yerli əhəmiyyətli və təsərrüfatdaxili yollar, parklar, meşə-parklar, sututarlar, stadionlar, idman meydançaları və qəbiristanlıqların altındakı torpaqlar və s.) torpaqları aiddir.

Xüsusi mülkiyyətdə olan torpaqlar

Xüsusi mülkiyyətdə olan torpaqlar dedikdə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsində qeyd edildiyi kimi, fiziki və hüquqi şəxslərə torpaq üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə uyğun sahiblik, istifadə və sərəncam vermək hüququnun verilməsidir. Belə ki, torpağın mülkiyyətçisi sahibi olduğu torpaqdan təyinatına görə istifadə etmək, yaşayış binaları tikmək, onu icarəyə vermək, bağışlamaq, girov qoymaq, dəyişmək, miras qoymaq və qanunvericiliklə ona verilmiş digər hüquqlarla sərəncam verə bilər. 

Torpaq icarə müqaviləsi

Torpaq icarə müqaviləsi günümüzdə ən geniş yayılmış müqavilə növlərindən biridir. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Daşınmaz əmlakın bir qolu kimi bu sahədə də torpağın alqı-satqısı, bağışlanması, icarəyə verilməsi, vərəsəlik qaydasında başqasına keçməsi ilə bağlı müvafiq normativ-hüquqi aktlara əsaslanır. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanunu ilə tənzimlənir.

Kənd təsərrüfatı təyinatlı torpaqlar

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində təsbit edildiyi kimi, kənd təsərrüfatı təyinatlı torpaqlar torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

Azərbaycan Respublikasının Mülki Məcəllənin 12-ci maddəsinə əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı üçün ayrılmış yerlər xüsusi olaraq qorunur.

Belə torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə, habelə digər məqsədlərlə istifadəsinə müstəsna hallarda qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar bələdiyyə mülkiyyətindədirlər və onların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün bələdiyyələr müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.

Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları

Ehtiyat fondu torpaqları dedikdə, qanunvericiliklə dövlət və bələdiyyə ehtiyatında olan torpaqlar nəzərdə tutulur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqlarının daxil olduğu təsbit edilmişdir.

Bələdiyyələrin ehtiyat fondu torpaqlarına yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları və ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları aid edilir.

Ehtiyat fondu torpaqlarından istifadəyə yalnız onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilə bilər. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.

Torpaq hüquq münasibətləri ilə bağlı hüquqi xidmət           

Torpaq hüquq münasibətləri ilə bağlı hüquqi xidmət torpağın icarəyə verilməsi, satılması və ya daşınmaz əmlakla bağlı işlərin mübahisələndirilməsi zamanı göstərilir. Şirkətimizin bu sahədə ixtisaslaşmış hüquqşünasları sizə torpaq hüququ, eləcə də daşınmaz əmlakla bağlı iddia ərizələrinin hazırlanması, aidiyyəti üzrə məhkəmələrə göndərilməsi, proseslərdə iştirak, apellyasiya və kasassiya şikayətlərinin hazırlanması ilə bağlı xidmətləri təqdim edir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs